Brendinq

Brend müştəri ilə şirkətiniz arasında emosional əlaqədir. Bu əlaqə, özünüzü dünyaya təqdim etməyiniz və müştərilərlə qarşılıqlı münasibətlər qurmağınızla bağlıdır. Müdirdən sıravi əməkdaşa qədər şirkətin bütün nümayəndələri brendin fərqində olub ona görə davranmalıdır.

Bir çox şirkətin ayrılmaz parçası olan brend qeyri-maddi, simvolik və emosional xüsusiyyətlərin məcmusudur. Ona görə də brendinqin məqsədi istehlakçıların şüurunda müəyyən bir məhsul və ya şirkət haqqında müsbət və unudulmaz bir təəssürat yaratmaqdır. Bu təəssüratın təməl daşları isə şirkətinizi digər şirkətlərdən fərqləndirən ad, simvol, şüar və dizayndır.

Brend müştəriləriniz arasında etibar və nüfuz qazanmağa yəni müştəri loyallığı formalaşdırmağa xidmət edir. Bundan əlavə brend məhsullar daha yüksək qiymətə satıla bilir və nəticədə şirkətinizə daha çox qazanc gətirir, çünki bu məhsulların daha keyfiyyətli olduğu ehtimal edilir.
Eyni zamanda brend tərəfdaşlar, işçilər, təchizatçılarla da etibarlı qarşılıqlı münasibətlərin qurulmasına kömək edir. Brendlər həm də müəyyən müştəri bazasına və bazar payına malik olduğunuzu göstərməklə investorları cəlb etmək üçün istifadə edilə bilər.

Brend yaratmağın faydaları:

  • Brend istehlakçılara etibar hissi verir və məhsul və xidmətləri almağa sövq edir;
  • Brend məhsul və xidmətlərin təşviqini asanlaşdırır;
  • Brend rəqiblərdən fərqlənməyə kömək edir;
  • Brend müştəri loyallığını və müştəri maraqlarının qorunmasını təmin edir;
  • Brend tərəfdaşlar, işçilər, təchizatçılar və investorlarla etibarlı münasibətlər qurmağa kömək edir;
  • Brend şirkətin qazancını artırır və ömrünü uzadır;
  • Brend məhsul və xidmətinizlə maraqlanan insanlardan ibarət icma qurmağa kömək edir.

Brendinq prosesi tədqiqat, inkişaf, tətbiq və yeniləmə kimi mərhələlərə ayrılır.
Tədqiqat mərhələsində bir şirkət olaraq kim olduğunuz, nə ilə məşğul olduğunuz, rəqiblərdən necə fərqləndiyiniz, hədəf kütlənizin kimlərdən ibarət olduğu və s. müəyyənləşdirilir.
Tədqiqat nəticəsinə əsasən loqo, şüar, rəng sxemləri kimi vizual elementlərdən ibarət bir brend toplusu yaradılır.
Daha sonra bu brendin tətbiqi, tanıdılmasına başlanır.
Müştərilərin zövqləri və rəqabət şəraiti dəyişdikcə brend yenilənir, müəyyən dəyişikliklər edilir.

Brend yaratmaq prosesində atılmalı olan addımlar:

  1. Şirkətinizin profilini (dəyərlərinizi, xüsusiyyətlərinizi və s.) müəyyənləşdirmək;
  2. Hədəf kütlənizi müəyyənləşdirmək;
  3. Missiya bəyanatını hazırlamaq;
  4. Vizual aktivlərinizi yaratmaq;
  5. Brendinizi bazarda təşviq etmək;
  6. Ehtiyac olduqca brendinizdə dəyişikliklər etmək.


Fəaliyyət sahənizdə uğurlu bir biznes qurmaq üçün güclü brendə ehtiyacınız varsa, bizə müraciət edin!